Romanovlar ailəsinin qətli
Romanovlar ailəsinin qətli (rus. Расстрел царской семьи) — Rusiya imperiyasını 305 il müddətinə idarə etmiş hakim Romanovlar sülaləsinə mənsub Çar II Nikolay və onun ailə üzvlərinin 1918-ci ilin 16 iyul tarixindən 17 iyul tarixinə keçən gecə Rusiya Sovet Federativ Sosialist Respublikasının Yekaterinburq şəhərində yerləşən İpatevlər evi adlı fərdi yaşayış binasının zirzəmisində güllələnərək öldürülməsi hadisəsi.
Qətliam nəticəsində Rusiya imperatoru II Nikolay, həyat yoldaşı Aleksandra Fyodorovna və övladları Olqa Romanova, Anastasiya Nikolayevna, Mariya Romanova, Tatyana Romanova və hakimiyyətin varisi Aleksey Romanov öldürülmüşdür. 1918-ci ilin 16 iyulundan 17-nə keçən gecə baş verən hadisə Rusiya Sovet Federativ Sosialist Respublikasının Yekaterinburq şəhərində yerləşən İpatevlər evi adlı fərdi yaşayış binasının zirzəmisində Ural Vilayət Sovetinin göstərişi ilə Yakov Yurovskinin rəhbərlik etdiyi Edam manqası tərəfindən icra olunmuşdur.
Həmin gecə imperator ailəsini müşayiət edən və onların xidmətçiləri olan Yevgeni Botkin (saray həkimi); Anna Demidova (xadimə); Aleksey Trupp (hərbçi); və İvan Xaritonovda (baş aşpaz) qətlə yetirilmişdir. Hadisədən sonra ailənin və xidmətçilərin cəsədləri Koptyaki meşəsinə aparılaraq basdırılıb və şəxsiyyətlərinin müəyyənləşdirilməsinin qarşısını almaq üçün qumbaraatanlarla parçalanıb.
1917-ci ildə baş verən Fevral inqilabının arxasınca Romanovlar və onların xidmətçiləri Oktyabr İnqilabından sonra Sibirin Tobolsk şəhərinə köçürülməzdən əvvəl İskəndər sarayında ev həbsində saxlanılırdılar. Ailə 1918-ci ilin iyul ayında Ural dağlarının yaxınlığındakı Yekaterinburq şəhərində bir az aralıda yerləşən bir evə köçürülmüşdür. Bolşeviklər uzun müddət ailənin başına gətirilənləri gizli saxlamışdır. Əvvəlcə Çar II Nikolayın ölümü elan edilir; sonrakı səkkiz il ərzində sovet rəhbərliyi ailənin taleyi ilə bağlı sistematik dezinformasiya yaymağa davam edir, 1919-cu ildə solçu inqilabçılar tərəfindən öldürüldükləri elan edilsə də, 1922-ci ilin aprelində ailənin ölümü açıq şəkildə inkar edilir.