Rufulla Abdullayev
Rufulla Fətulla oğlu Abdullayev (d.21 yanvar 1947, Neftçala ş.) — Həkim-kardioloq, Tibb elmləri doktoru (1992), Professor (1996).
Rufulla Fətulla oğlu Abdullayev 1947-ci il yanvarın 21-də Neftçala şəhərində ziyalı ailəsində anadan olmuşdur. Rufulla Abdullayev Neftçala şəhəri 1№li orta məktəbini 1964-cü ildə qızıl medalla bitirmiş və həmin ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuşdur.
1970-ci ildə R.F. Abdullayev bu universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1970-1972 ci illərdə Rusiyanın Leninqrad şəhərində ( indiki Sankt-Peterburq) SSRİ Silahlı Qüvvələri sıralarında hərbi həkim işləmişdir. 1973-1975-ci illərdə R.F.Abdullayev Bakıya qayıdaraq Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının klinik ordinatoru olmuşdur.
1975-ci ildən 1980-ci ilə qədər Bakı şəhəri 5№li klinik xəstəxanasında həkim-terapevt və şöbə müdiri vəzifəsində çalışmışdır. R.F.Abdullayev 1980-ci ildən başlayaraq indiyə qədər yeni yaradılmış C.Abdullayev adına ET Kardiologiya İnstitutunda kiçik elmi işçi, sonra isə böyük elmi işçi vəzifəsində fəaliyyət göstərmişdir. Hal-hazırda həmin institutun Ürəyin xronik işemik xəstəliyi və aritmiyalar şöbəsinin müdiridir.
1973-1994-cü illərdə Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklərin propedevtikası-2 kafedrasında tədis işi ilə məşğul olmuş, 1996-2005-ci illərdə isə həmin kafedrada professor vəzifəsində çalışmış, mühazirələr oxumuş və praktik məşğələlər aparmışdır.