Aliyə Rüstəmbəyova
Rüstəmbəyova Aliyə Fətulla qızı (1907; Şuşa, Rusiya imperiyası – 1942 iyun; Rusiya SSFR, SSRİ) — İkinci dünya müharibəsi qəhrəmanı, partizan hərəkatı iştirakçısı, həkim.
== Erkən həyatı ==
Aliyə 1907-ci ildə Şuşa şəhərində doğulmuş, hələ kiçik ikən ailəsi ilə birlikdə Bakıya köçmüşdü.
=== Ailəsi ===
Atası Fətulla bəy Rüstəmbəyov Salyanın məşhur bəy nəsli olan Rüstəmbəyovlar nəslindəndir. Fətulla Rüstəmbəyov ilk azərbaycanlı mühəndis-texnoloq, Azərbaycanda neft sənayesinin bərpası və texniki cəhətdən yenidən qurulmasının təşkilatçılarından biri olmuşdur. O, Azərneftin Dəniz Komitəsinə başçılıq edərək, sualtı neft sahələrinin işlənilməsində, dəniz neft mədənlərinin inkişafında böyük əmək sərf etmişdir.
Qardaşı Əsəd bəy Rüstəmbəyov alim, neft və qaz quyu qazıması sahəsində mütəxəssis olmuş, 1960-cı ildə Azərbaycan SSR əməkdar mühəndisi, 1971-ci ildə SSRİ-nin fəxri neftçisi, 1972-ci ildə texnika elmləri namizədi olmuşdur.
Anası Turan xanım Mehmandarova Şuşanın məşhur Mehmandarovlar ailəsindən olan, həkim Kərim bəy Mehmandarovun qızı olmuşdur. Turan xanımın anası Qacar şahzadələrindən olan Bəhmən Mirzə Qocanlı Qacarın qızı Zəri xanım idi.
=== Təhsili ===
Aliyə Bakıdakı 3 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb İnstitutuna daxil olur və az sonra təhsilini 1-ci Leninqrad Tibb İnstitutunda davam etdirir. Həmin institutu fərqlənmə diplomu ilə bitirən Aliyə Rüstəmbəyovanı rektorluq Moskvaya göndərməyi nəzərdə tutmuşdu.