Səmədağa Şıxlarov
Səmədağa Məmməd oğlu Şıxlarov (5 sentyabr 1955, Xıllı – 1 iyun 2021, Bakı) — Sovet və Azərbaycan futbolçusu və məşqçisi. Azərbaycanın "Neftçi", "Xəzər Sumqayıt", "Avtomobilçi", "Kəpəz", "Çıraqqala Siyəzən", Ukraynanın "MOİK Kiyev" və Çexoslovakiyanın "SQV" klublarının və SSRİ U-21 milli futbol komandasının heyətində çıxış edib. Hücumçu mövqeyində oynayıb.
Səmədağa Şıxlarov 1955-ci il sentyabrın 5-də Salyan rayonunun Xıllı kəndində anadan olub. Səmədağa Şıxlarov ailədə 4 uşaq idi – 2 qardaş, 2 bacı. Sübhan adlı əkiz qardaşı 1 yaşına çatmamış dünyasını dəyişib.
1957-ci ildə ailəsi ilə Əli Bayramlı şəhərinə köçüb. Atası Məhəmməd kişi Böyük Vətən Müharibəsində Berlinə kimi getmişdi. Müharibədə xəsarət alan atasının bədənindəki qəlpələr onu çox incidirdi. O, Əli Bayramlıya köçəndə "Şirvanneft"də çilingər işləyirdi.