Salatınkənd
Sarıbaba (əvvəlki adı: Yextsahoq); həmçinin bəzi mənbələrdə Salatınkənd — Azərbaycan Respublikasının Şuşa rayonunun Sarıbaba kənd inzibati ərazi dairəsində kənd.
Azərbaycan toponimlərinin ensiklopedik lüğətində qeyd olunur ki, yaşayış məntəqəsində XIX əsrdə İrandan köçüb gəlmiş erməni ailələri yerləşdirilmiş və sonralar Yextsahog (ermənicə "kilsə yeri") adlandırılmışdı. Həmçinin lüğətdə qeyd olunur ki, 1991-ci ilin yanvarında kəndə ermənilərin vəhşicəsinə qətlə yetirdiyi jurnalist Salatın Əsgərovanın adı verilmişdir. Lakin 5 oktyabr 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Şuşa rayonunun Yextsahoq kənd inzibati-ərazi vahidi tərkibindəki Yextsahoq kəndi Sarıbaba dağının adı ilə Sarıbaba kəndi adlandırıldı, Yextsahoq kənd inzibati-ərazi vahidi isə Sarıbaba kənd inzibati-ərazi vahidi adlandırıldı. Hal-hazırda Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsü təsnifatında sözügedən kəndin adı Sarıbaba kimi göstərilibdir.
14 dekabr 2021-ci il tarixində Milli Məclisin payız sessiyasının iclasında deputat Qənirə Paşayeva bildirmişdi ki, Salatın Əsgərova şəhid olan zaman o vaxtkı dövlət rəsmiləri onun qətlə yetirildiyi kəndə Salatın Əsgərovanın adının veriləcəyini və Salatınkənd adlanacağını vurğulasa da, illər sonra oğlu Ceyhun Əsgərovun araşdırmaları zamanı 1998-ci ildə kəndin adının dəyişdirildiyi amma Salatınkənd adlandırılmadığı aydın olub. Qənirə Paşayeva həmçinin öz çıxışında Salatın Əsgərovanın 60 illik yubileyində evladının, bir çox həmkarlarının və ziyalıların xahişini dövlət rəsmilərinə çatdıraraq çıxışında Salatın Əsgərovanın şəhid olduğu kəndin onun şərəfinə Salatınkənd adlandırılmasını xahiş etdi.
Jurnalist Sultan Laçının araşdırmasına görə, Salatın Əsgərovanın qətlə yetirildiyi həmin il Azərbaycan parlamentinin qərarıyla kənd onun xatirəsinə Salatınkənd adlandırılıb, lakin sonradan nədənsə həmin qərar Azərbaycan hökuməti tərəfindən rəsmiləşdirilməyib və kənd rəsmən Sarıbaba adını daşıyır. Həmçinin, Sultan Laçın 1991-ci ildən bəriki bütün yazılarında həmin məntəqəni Salatınkənd kimi göstərdiyini bildirir.
Kənd dağətəyi ərazidə yerləşir.