Valdaro sevgililəri
Valdaro sevgililəri – 2007-ci ildə İtaliyanın Mantuya şəhəri yaxınlığındakı San-Corco ərazisindəki neolit dövrü məzarlığından aşkarlanmış, 6.000 il yaşı olan qoşa insan skeletlərinə verilmiş addır. Hər iki insan eyni vaxtda ölmüş və ya dəfn edilmişdir, onlar üzü bir-birinə istiqamətlənmiş, ətrafına silahlar yerləşdirilmiş şəkildə torpağa qoyulmuşdur ki, bu da sevgililərin qucaqlaşmasını xatırladır.
Tədqiqat işlərinə arxeoloq Yelena Mariya Menotti rəhbərlik etmişdir. Alimlərin fikrincə dəfn edilmiş cütlüyün 20-dən çox yaşı olmamış, boyları isə 157 sm olmuşdur.
Tapıntının "Daş dövrü Romeo və Cülyettası" adı ilə mətbuatda işıqlandırılmasından sonra ərazinin maraqlanan şəxslər və potensial qarətçilərdən mühafizə edilməsi üçün iyirmi dörd saatlıq mühafizə təyin edilmişdir. Ərazinin sahibi olan mülkədarın orada anbar inşa etmək istəyi məzarın birdəfəlik oradan köçürülməsinə səbəb olmudur. Skeletlərin dəfn edildiyi formada saxlanması üçün onlar dəfn edildiyi torpaq hissəsi ilə birlikdə kəsilərək götürülmüşdür. Daha sonra məzar xüsusi qutuya yerləşdirilərək sonrakı tədqiqatlar üçün Komodakı Paolo Ciovio Arxeologiya Muzeyinə aparılmışdır.
Kişi skeletinin (qucaqlaşanlardan sol tərəfdə olan) boynunun yaxınlığında çaxmaqdaşından hazırlanmış ox ucluğu aşkarlanmışdır. Qadın skeletin budunda bir, arxasında isə iki çaxmaqdaşından bıçaq aşkarlanmışdır.