Sosial media
Sosial media — virtual icmalar və şəbəkələr vasitəsilə məlumatların, ideyaların, maraqların və digər ifadə formalarının yaradılmasını və paylaşılmasını asanlaşdıran interaktiv texnologiyalar. İndiki dövrdə mövcud olan müstəqil və daxili sosial media xidmətlərinin müxtəlifliyi səbəbindən sosial medianın tərifində çətinliklər yaranmasına baxmayaraq, onun bəzi ümumi xüsusiyyətləri var:
Sosial media interaktiv veb 2.0 internet əsaslı proqramlardır.
İstifadəçi tərəfindən yaradılan məzmun (məsələn, mətn yazıları və ya şərhlər, rəqəmsal fotoşəkillər və ya videolar və bütün onlayn qarşılıqlı əlaqələr vasitəsilə yaradılan məlumatlar) sosial medianın can damarıdır.
İstifadəçilər sosial media təşkilatı tərəfindən hazırlanmış, onlar tərəfindən dəstəklənən vebsayt və ya proqramlar üçün xüsusi xidmət profilləri yaradırlar.
Sosial media istifadəçinin profilini digər şəxslərin və ya qrupların profilləri ilə birləşdirərək onlayn sosial şəbəkələrin inkişafına kömək edir.Media sahəsində "sosial" termini platformaların istifadəçi mərkəzli olduğunu və kommunal fəaliyyətə imkan verdiyini göstərir. Beləliklə, sosial medianı insan şəbəkələrinin – sosial əlaqəni gücləndirən fərdlərin şəbəkələrinin onlayn vasitəçiləri və ya gücləndiriciləri kimi nəzərdən keçirmək mümkündür.İstifadəçilər adətən sosial media xidmətlərinə masaüstü kompüterlərində olan veb-əsaslı applikasiyalar vasitəsilə daxil olurlar və ya mobil cihazlarına (məsələn, smartfonlar və planşetlər) sosial media funksionallığı təklif edən xidmətləri endirirlər. İstifadəçilər bu elektron xidmətlər ilə məşğul olaraq yüksək interaktivliyə malik platformalar yaradırlar. Burada fərdlər, icmalar və təşkilatlar postlar paylaşa, birgə məzmun yarada, müzakirələr edə, iştirakçılıq edə və istifadəçi tərəfindən yaradılan və ya onlayn yerləşdirilən məzmunu dəyişdirə bilər. Bundan əlavə, sosial media bloqlar, podkastlar, videolar və oyun saytlarının yaradılması ilə bağlı fikirlərin inkişaf etdirilməsi ilə yanaşı, xatirələri sənədləşdirmək, hansısa mövzu haqqında öyrənmək və onları araşdırmaq, özünü reklam etmək və dostluq əlaqələri yaratmaq üçün istifadə olunur.100 milyondan çox qeydiyyatdan keçmiş istifadəçisi olan ən populyar sosial media saytlarından bəzilərinə "Twitter", "Facebook" (və onunla əlaqəli "Messenger"), "WeChat", "ShareChat", "Instagram", "QZone", "Weibo", "VK", "Tumblr", "Baidu Tieba" və "LinkedIn" daxildir. İnterpretasiyasından asılı olaraq bəzən sosial media xidmətləri adlandırılan digər məşhur platformalara "YouTube", "QQ", "Quora", "Telegram", "WhatsApp", "Signal", "LINE", "Snapchat", "Pinterest", "Viber", "Reddit", "Discord", "TikTok", "Microsoft Teams" və s.