Stomatologiya
Stomatologiya — dişlərin, diş ətinin, diş-çənə sisteminin, ağız boşluğu toxumalarının, üz və boyun toxumalarının anatomiyası, fiziologiyası, patogenezi, xəstəlikləri, etiologiyası, profilaktikası və müalicəsi ilə məşgul olan tibb sahəsi. Bu sahədə fəaliyyət göstərən mütəxəssisə stomatoloq deyilir.
== Stomatologiyanın əsas bölmələri ==
=== Terapevtik stomatologiya ===
Ağız boşluğu və dişlərin müxtəlif xəstəlikləri, funksional və anatomik pozğunluqların (defektlərin) profilaktikası və müalicəsi, əmələ gələn qüsurların bərpası və dişlərin müalicəsi ilə məşgul olan stomatologiya sahəsidir.
=== Endodontiya ===
Diş pulpasında əmələ gələn xəstəliklərin (pulpit, periodontit və s.) müalicəsi ilə məşgul olan terapevtik stomatologiyanın bir sahəsidir.
=== Ortopedik stomatologiya ===
Diş-çənə sisteminin inkişaf anomaliyalarının, qüsurlarının, anatomik vəı funksional pozğunluqlarının xüsusi üsullarla profilaktika və müalicəsi ilə məşgul olan stomatologiya sahəsidir. Müasir ortopedik stomatologiya öz inkişafını ibtidai diş-protez texnikasından götürmüşdür. Ortopedik stomatologiyada tədbiq olunan diş protezləri, diş cərgəsinin qüsurlarının həm anatomik formasını, həm də onun funksiyasını bərpa edir. Diş protezləri konstruksiyasına görə çıxan və çıxmayan olur.
=== Uşaq stomatologiyası ===
Süd dişləri və qarışıq dişləm əsnasında əmələ gələn xəstəliklərin profilaktikası və müalicəsi ilə məşgul olan stomatologiya sahəsidir.
=== Ortodontiya ===
Ortodontiya diş sıralarının anomaliyalarının müalicəsi ilə məşğul olan ortopedik stomatologiyanın ixtisaslaşmış sahəsidir.