Sudanda toqquşmalar (2023)
Sudanda toqquşmalar - 2023-cü ilin 15 aprel tarixində günorta saatlarından etibarən əsasən ölkə paytaxtı Xartum şəhərində Sudan Silahlı Qüvvələri və Çevik Dəstək Qüvvələri arasında başlamış hərbi toqquşmalar. Döyüşlər hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələrinin (RSF) əsas hökumət obyektlərinə hücumları ilə başlayıb. İlk olaraq Xartumda partlayışlar və atışma səsləri eşidilib.
Sudan Silahlı Qüvvələrinə rəhbərlik edən ölkənin faktiki lideri Abdel Fattah al-Burhan və Çevik Dəstək Qüvvələrinin komandanı Mohamed Hamdan Dagalo arasında Sudan televiziyasının qərargahına, Prezident Sarayına, Xartum Beynəlxalq Hava Limanına və ordu rəisinin rəsmi iqamətgahına nəzarət etmək uğrunda şiddətli döyüşlər baş verib. Hər iki tərəf sözügedən obyektlərdəki nəzarətin özlərinə aid olduğunu elan ediblər.BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) üç əməkdaşı Sudanda xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmalar zamanı həlak olub. Bunun ardınca Ümumdünya Ərzaq Proqramı xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmaların davam etdiyi Sudanda fəaliyyətini dayandırıb.
== Arxa plan ==
Sudanın etnik və dini müxtəlifiliyi ölkədə hər zaman silahlı toqquşmaların baş verməsinə zəmin hazırlamışdır. Qiymətli resuslara nəzarət üzərində başlayan ilk toqquşmalar oturaq fermerlər və köçəri çobanlar arasında baş vermişdir. Kənd təsərrüfatı Sudan iqtisadiyyatında və gündəlik həyatında mühüm yer tutmaqdadır.Mərkəzi hökumətlə cənub bölgələri arasında baş vermiş iki vətəndaş müharibəsində 1.5 milyon insan həlak oldu. Darfur bölgəsində davam edən münaqişə isə iki milyon sudanlının evlərini itirməsinə səbəb olmuş, 200 minə yaxın şəxs isə həlak olmuşdur.