Sumqayıt idmanı
1949-cu ildə şəhər statusu alan Sumqayıta keçmiş SSRİ-nin və Respublikamızın müxtəlif bölgələrindən insanların axını başlandı.
Qısa müddət ərzində sənaye müəssisələrinin, müxtəlif idarə və təşkilatların tikintisinə start verildi, digər sahələrlə yanaşı bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində tədbirlərin görülməsi üçün şəhərə gənc mütəxəssislər cəlb olundu.
İlk məşqlər yaşayış massivlərinin ərazisində olan futbol meydançalarında, 1; 2; 4 (indiki 38) və 8 saylı orta məktəblərin idman zallarında və açıq tipli idman qurğularında aparılmışdır.
Şəhərdə ilk idman qurğuları olan İnşaatçı stadionu 1956-cı ildə, Metallurq klubu (indiki Polad İK) 1959-cu ildə, "Əlvanmetal" istehsalat birliyinin idman zalı (indiki "Alüminiumçu" idman evi) 1962-ci ildə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 1966-cı ildə tikilərək idmançıların istifadəsinə verildi. Bu işlər məqsədyönlü şəkildə davam etdirilmiş, hazırda İdman Komplekslərinin və qurğularının (açıq və örtülü tipli) sayı 211-ə çatdırılmışdır.
1960-cı illərdə Rauf Əfəndiyev tərəfindən gimnastika Oktay Hüseynov, Xəlil Səfiyev tərəfindən boks; Ramiz İbrahimov, Elman Tahirov tərəfindən yunan-roma güləşi; Kamal Abbasov, İsmayıl Məmmədov tərəfindən sərbəst güləş; İsmayıl Əhmədov, Əlipənah Həşimov tərəfindən sambo; Stanislav Kuvayev, İsay Abramaşvili tərəfindən futbol; Mariya Podsuk, Aleksey Mazin, Faiq Babayev tərəfindən atletika; Əziz və Kamal Nurməmmədov qardaşları, Nəsir Zeynalov tərəfindən ağır atletika; Alik Cəfərov, Sergey Koçkin tərəfindən basketbol; Nikolay Əliyev, Şamil Həsənov, Sahib Əliyev, Anzor Kusov tərəfindən voleybol; Yuri Oparin tərəfindən stolüstü tennis; Viktor Françuk, Sergey Şevçuk tərəfindən velosiped; Çingiz Orucov tərəfindən qılıncoynatma; Vladimir Korotkiy tərəfindən həndbol; Yuriy Abdullayev, Hamlet Rzayev tərəfindən şahmat; Abram Yelizarov tərəfindən dama idman növlərinin, 1970-ci illərdən İsa Qasımov, Əhməd Rəcəbli və Ənvər İsgəndərov tərəfindən müvafiq olaraq otüstü hokkey və cüdo, 1980-ci ilin sonu 90-cı ilin əvvələrindən Əzizağa Verdiyev, Ələkbər İmaməliyev tərəfindən müvafiq olaraq karate və taekvan-do idman növlərinin təməli qoyulmuş və inkişaf etdirilməyə başlanılmışdır. Qısa müddət ərzində Sumqayıt nəinki Respublikada, eləcədə keçmiş Sovetlər birliyində özünün idman ənənələri ilə tanındı.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən və 1994-cü ildə Gənclər və İdman Nazirliyi yarandıqdan sonra Ölkə idmançıları tezliklə dünyanın ən mötəbər idman arenalarında keçirilən Avropa, Dünya birincilikləri, çempionatları və Olimpiya Oyunlarında Respublikamızı layiqincə təmsil edərək üç rəngli bayrağımızı ucaltmış, himnimizi səsləndirmişlər. Azərbaycan idmançılarının qazandığı nailiyyətlərdə Sumqayıt idmançılarının da özünə məxsus payı vardır.
Fəaliyyətə başladığı 1995-ci ildən şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən uşaq, yeniyetmə və gənclər arasında bədən tərbiyəsi və idmanın inkişafı, kütləviliyinin artırılması, onların vətənpərvərlik ruhunda böyüməsi, zəhmətkeşlərin sağlamlığının möhkəmləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili istiqamətində coxsaylı tədbirlər keçirilmişdir.