Süpürgəvari ağəsmə
Süpürgəvari ağəsmə (lat. Clematis paniculata) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.
Bitki Yaponiyada və Koreyada təbii halda yayılmışdır. Sankt-Peterburqda, Cənubi Pribaltikada, Kalininqrad vilayətində, Belarusiyada, Ukraynada, Qafqazda və Orta Asiyada mədəni şəraitdə becərilir.
Uzunluğu 10 m-dək olan, yarpağı tökülən lianadır. Uzunluğu 3-10 sm olan yarpaqları 3-5 yumurtavari yarpaqcıqlı olub, çılpaq və ya alt tərəfi tükcüklü, damarcıqlıdır. Ağ, ətirli çiçəklərinin diametri təxminən 3 sm olan çoxçiçəkli süpürgələrə yığılmışdır. Süpürgəvari ağəsmənin uzunsov kasayarpaqları üstdən çılpaqdır. Toxumcaları haşiyəli, bir az tükcüklü, uzun lələkvari tükcüklü, çıxıntılıdır. Süpürgəvari ağəsmə iyuldan oktyabradək davam edən bol və gec çiçəkləməsi ilə çox effektlidir.