Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi
Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (qısaca: AITF) — Hər il Azərbaycan Respublikasında keçirilən, sənayenin aparıcı üzvlərini bir araya gətirən, onlara yeni əlaqələr qurmaq, satış coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmək, sənayedəki ən son yeniliklər və tendensiyalar haqqında öyrənmək imkanı verən turizm bazarının aparıcı tədbirlərindən biridir.. İşgüzar turizm qovşağı ("hub") kimi fəaliyyət göstərən "AITF" sərgisi mühüm görüşlərin keçirildiyi, müqavilələrin imzalandığı, habelə yeni proqram və istiqamətlərin elan edildiyi məkandır. Təşkilatçısı "Caspian Event Organisers" şirkəti olan "AITF" sərgisi yarandığı gündən etibarən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənir.
== Tarixi və iştirakçıları ==
Keçirildiyi illər ərzində Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgilərində dünyanın 40-dan çox ölkəsindən təxminən 2500 şirkət iştirak edib.
=== AITF 2016 ===
AITF 2016 sərgisində Azərbaycan, Belarus, Gürcüstan, İtaliya, Latviya, Xorvatiya, Çexiya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən şirkətlər, o cümlədən tibb mərkəzi, sağlamlıq ocağı və sanatoriyalar müalicə-sağlamlıq və SPA turizmi üzrə ən son nailiyyətləri təqdim ediblər.
=== AITF 2017 ===
AITF 2017 sərgisində 90-a yaxın turizm istiqamətini təqdim edən 22 ölkədən 272 şirkət iştirak edib. İştirakçılar arasında Belarus, Bolqarıstan, Macarıstan, Gürcüstan, Dominikan Respublikası, Mərakeş, Tailand, Türkiyə, Çexiya kimi ölkələrin milli stendləri, eləcə də "Roqaşka Slatina" (Sloveniya) və Stavropol əyalətinin (Rusiya) regional stendləri də var idi.
=== AITF 2018 ===
AITF 2018 sərgisində 20 ölkəni təmsil edən 277 şirkət iştirak edir. İştirakçılar arasında Azərbaycan, Bolqarıstan, Çexiya, Dominikan, Gürcüstan, İndoneziya, İtaliya, İsveçrə, Mərakeş, Rusiya, Sloveniya, Tailand, Türkiyə və digər ölkələri təmsil edən şirkətlər yer alıb.
=== AITF 2019 ===
AITF 2019 sərgisində ənənəvi olaraq, Belarus, Bolqarıstan, Dominikan Respublikası, Mərakeş, Sloveniya, Tailand və Çex Respublikası milli stendlər ilə çıxış ediblər.