Tailandın dövlət quruluşu
Tailandın dövlət quruluşu - 2007-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.
Tailand Parlament formasında idarəetmə üsuluna malik konstitusiyalı monarxiyadır. Milli bayram günü olan konstitusiya günü (1932) 10 dekabrdan qeyd olunur. Tailandın Konstitusiyası 2007-ci ilin noyabr ayından qüvvədədir.
Tailand 878 rayondan ibarət 76 əyalətə (Lampanq, Lampxun, Çianqmay, Çianqray, Mexonqson, Nan, Tak, Uttaradit, Pxre, Buriram, Kxonken, Nakxonratçasima, Samutpraxan, Çonburi, Sonqkxla, Amnatçaren, Yasotxon, Surin, Sisaket, Nonbualampxu, Maxasarakam, Mukdaxan və s.) və Banqkok paytaxt bələdiyyəsinə bölünür.
Ölkədə milli birliyin rəmzi və buddizmin müdafiəçisi sayılan Kral - dövlətin başçısı və silahlı qüvvələrin ali baş komandanıdır. Siyasətin fövqündə duran Tailand Kralı mütləq hakimiyyətə malik olmasa da, ölkədə vaxtaşırı baş verən siyasi böhranlar zamanı müxtəlif siyasi qüvvələr arasında balansı qoruyub saxlamaq, habelə dövləti əhəmiyyət kəsb edən bir çox mühüm qərarların qəbulunda bilavasitə iştirak edir.
Mövcud Konstitusiyaya görə beynəlxalq müqavilələr bağlamaq, yüksək hərbi və mülki vəzifələrə təyinat, hərbi vəziyyət elan və ya ləğv etmək, veto hüququnun tətbiqi, əfv fərmanı vermək, dekret və fərmanlar dərc etmək, Parlamenti buraxmaq və erkən seçkilər təyin etmək və s. məsələlər Kralın birbaşa səlahiyyətlərinə aid olsa da, dövlət üçün çox vacib və həlledici qərarların qəbulunda Baş nazirin və Parlamentin razılığı mütləqdir.
Tay cəmiyyətinin bütün təbəqələrində yüksək nüfuza malik olan Kralın siyasi həyatdakı rolu, eyni idarəetmə-üsullu qərb dövlətlərindən fərqli olaraq formal xarakter daşımır.