Suriya Türkmənləri
Suriya türkmanları — Suriyada yaşayan, Azərbaycan dilinin Cənubi Azərbaycan ləhcəsində danışan türk cəmiyyəti.
Türk tayfalarının "Bələdi Şam" (indiki Suriya, Livan, İordaniya və Fələstin) adlanan ərazidə ilk məskunlaşması Səlcuqlu İmperiyasının zamanına təsadüf etmiş, bölgəyə türk tayfalarının axını Osmanlı İmperiyasının zamanınadək davam etmişdir.
Suriyada əfşar, peçeneq, bayandır, baharlı və s. türk tayfaları məskunlaşmışdır.
Suriyada milli tərkibi öyrənən əhali siyahıya alınmasının indiyədək aparılmaması bu ölkədə yaşayan etnik qrupların sayını müəyyən etməkdə çətinlik yaradır və bu səbəbdən səslənən bütün rəqəmlər müəyyən təxminlərdən ibarətdir. Suriyada ən aşağı qiymətləndirmələrə əsasən 750,000 maksimum isə 3,500,000 türkmənin yaşadığına dair məlumatlar mövcuddur.
1906-cı ildə çap olunmuş Hələb səlnaməsinə əsasən: Hələb şəhərinin ətrafında 350 türk kəndi vardır, bu kəndlərdə və Hələb şəhərində 200,000 nəfər, Lazikyə bölgəsində 150,000 nəfər, Təlkələ ətrafında 50,000 nəfər, Qüneytrə bölgəsində 100,000 nəfər, indiki Suriya o dövrkü digər bölglərində 300,000 nəfər olmaqla təxminən 800,000 nəfər türk yaşamaqda idi. Son məlumatlara əsasən əhalisinin təxminən sayı 23,000,000 nəfərə yüksəlmiş, türklərin sayı isə 3,500,000 nəfərə qədər artmışdır. Onlardan 1,500,000 nəfəri gündəlik danışıq dili olaraq türkcədən istifadə edir və türklük şüurunu yüksək səviyyədə qorumuşdur, 2,000,000 nəfəri isə türklük süurunu qorusa da çox az türkcə bilməkdədir və ana dillərini unutma mərhələsini yaşamaqdadır.
2010-cu ilə olan təxminə əsasən 23,000,000-luq ümumi Suriya əhalisinin 1,500,000 nəfəri türkcə danışan və etnik olaraq türk olan əhalidən, 2,000,000 nəfəri isə etnik kökən olaraq türk olan ancaq türkcəyi unutma mərhələsində olan əhalidən ibarətdir.