Asif Usubəliyev
Asif Adil oğlu Usubəliyev (1978, Çimkənd) — siyasi elmlər üzrə fəlsəfə doktoru, Siyasi Elmlər üzrə Müdafiə Şurasının üzvü, Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzlərin Rəhbərləri Beynəlxalq Şurasının sədri, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru.
== Həyatı ==
Asif Usubəliyev 1978-ci ildə Qazaxıstan Respublikasının Çimkənd şəhərində anadan olmuşdur. 2000-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Politologiya ixtisası üzrə məzunu olmuşdur. 2000-2002-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr təhsili almışdır. O, 2002-ci ildə AMEA-nın Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar İnstitutunun doktorantı olmuş və 2005-ci ildə müdafiə edərək Siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanmışdır.
Əmək fəaliyyətinə 2005-ci ildə Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar İnstitutunun Aksiologiya şöbəsində başlamış, daha sonra 2006-ci ildən 2015-ci ilədək Mədəniyyət Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi vəzifələrində çalışmış və Elm sektorunun müdiri vəzifəsinə qədər yüksəlmişdir. Nazirliyin müvafiq əmri ilə 2015-ci ildə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzə direktor təyin olunmuş və 2018-ci ilin sonunadək bu vəzifəni icra etmişdir. Mərkəzə 3 il ərzində rəhbərlik etdiyi müddətdə 64 regionun 56-da 700-dək yerli və beynəlxalq, o cümlədən təlim, seminar, festival, müsabiqə, debat, ustad dərsi, konfrans, forum və digər tədbirlər həyata keçirilmişdir. Bu dövrdə 11-i yerli, 8-i beynəlxalq olmaqla ümumilikdə 19 mədəniyyət, elm və təhsil müəssisəsi ilə əməkdaşlıq memorandumu imzalanmış, birgə müxtəlif səpkili fəaliyyət istiqaməti müəyyən edilərək icra olunmuşdur. Son 3 ildə Mərkəzdə mədəniyyət sahəsinin bütün istiqamətləri üzrə 78 metodiki vəsait hazırlanaraq mədəniyyət müəssisələrinə təqdim edilmişdir.