Vəliqulu bəy Şamlı
Vəliqulu bəy Hacı Davudqulu bəy oğlu Şamlı (1626-?)—Şamlı elindən olan Azərbaycan tarixçisi.
== Həyatı ==
Azərbaycan Şamlı elindən olan Vəliqulu bəy Hacı Davudqulu bəy oğlu 1626-cı ildə
anadan olmuşdur. O, "Qisasül-xaqani" ("Şahların hekayətləri") əsərini 1662-1666-cı illərdə yazmışdır. 3 hissədən ibarət olan bu əsərdə Səfəvilər sülaləsinin mənşəyindən Şah II Abbasadək olan tarixi dövrün təsviri verilmişdir.
Adı çəkilən hökmdarın dönəmi haqqında geniş məlumatdan başqa, dövrün elm adamları, hikmət sahibləri ilə bağlı məlumat, habelə bir çox siyasi sənəd və yazışmalar da bu kitabda yer almışdır. Kitab üç fəsildən ibarətdir. Birinci fəsil Səfəvilərin əcdadları, Sultan Firuzşah Zərrinkolahdan I Şah İsmayılın taxta oturmasınadək, ikinci fəsil I Şah İsmayıl, I Şah Təhmasib, II Şah İsmayıl, Şah Məhəmməd Xudabəndə, I Şah Abbas və Şah Səfi haqqında, üçüncü fəsil isə II Şah Abbasın hakimiyyət illərinədək (1086-cı hicri-qəməri –1675-ci miladi) olan hadisələrdən ibarətdir. Kitabın sonunda üç təzkirə yazılmışdır. O, kitabını Şah Süleyman Səfəvi haqda yazmaq fikrində olduğunu bildirən bir sonluqla başa vurmuşdur. Müəllifin yazılarına nəzər saldıqda onun ziyalı olduğunun, öz elm və biliyini yazılara yansımasının şahidi oluruq.