Vitaminlər
Vitaminlər canlı orqanizmin həyati fəaliyyətini davam etdirə bilməsi üçün cüzi miqdarda tələb olunan üzvi maddələr qrupudur. Vitamin anlayışı cüzi miqdarda tələb olunan digər mikroqidaları, yəni mineral duzlar, əvəzolunmaz yağ turşuları və əvəzolunmaz aminturşular əhatə etmir.
== Ümumi ==
Maddələr mübadiləsinin tənzimində çox cüzi miqdarda vitaminlər lazımdır. Vitaminlərin əsas mənbəyi bitki mənşəli qidalardır. Lakin onlar, həmçinin balıq və ət məhsullarında, süddə, yumurtada da vardır. Müxtəlif kimyəvi tərkibə malik olmalarına baxmayaraq onların bir ümumi xüsusiyyəti vardır ki, bu da yalnız bitkilər tərəfindən sintez olunmalarıdır. Vitaminləri latın hərfləri ilə işarə etmək qəbul edilmişdir.[mənbə göstərin]
Qidanın tərkibində vitaminlər olmadıqda orqanizmin funksiyası pozulur və müəyyən xəstəliklərə, avitaminoz (sinqa, raxit, qanaxma, boyartmanın ləngiməsi) səbəb olur. Bəzi vitaminlər işığın, temperaturun və oksigenin təsirindən dağıldığından qəbul olunmuş belə qidada vitaminlər çatışmır və orqanizm vitamin çatışmazlığından əziyyət çəkir.[mənbə göstərin]
Vitaminlər iki qrupa bölünür: suda həll olan (C vitamini və B qrupu vitaminlər) və yağda həll olan (A, D, E, K) vitaminləri.
== C vitamini ==
C vitamini və ya askorbin turşusu vitaminlərin ən geniş yayılmış forması olub, orqanizmin maddələr mübadiləsinin bir çox kimyəvi proseslərində iştirak edir. Askorbin turşusu oksidləşmə-reduksiya reaksiyalarında, amin turşularının mübadiləsində iştirak edir.