Azərbaycan Ərəb Xilafətinin tərkibində
Azərbaycan İslam Xilafətinin tərkibində — VIII əsrdə Sasanilər imperiyasının fəth edilməsi ilə imperiyanın tərkibində olan Cənubi Azərbaycan, Qafqaz Albaniyasının fəth edilməsi ilə isə Şimali Azərbaycan Ərəb Xilafətinin tərkibinə daxil olmuşdur.
== Azərbaycanın Xilafət tərəfindən fəthi ==
637-ci ildə ərəblər Sasani şahını onun paytaxtı olan Ktesifonda mühasirəyə aldılar. Cavanşir üç minlik alban qoşununun başında sasanilərlə birlikdə altı ay Ktesifonun müdafiəsində durdu. Lakin buna baxmayaraq Sasani ordusu darmadağın edildi. III Yezdəgird Dəclə çayı sahilindəki qalalardan birində gizləndi. Moisey Kalankatlının məlumatına görə, Cavanşirin Sasani ordusu tərəfində ərəblərlə son döyüşü III Yəzdigərdin hakimiyyətinin səkkizinci ilinə (639–640-cı illərə) təsadüf edir. Beləliklə, mübarizənin faydasız, imperiyanın ölümə məhkum olduğunu dərk edən Cavanşir 639–640-cı ildə vətəninə qayıdır.
Bu dövrün hadisələrini əks etdirən ərəb mənbələrinin bir qismi ərəblərin Azərbaycan ərazisinə (onun cənub hissəsinə) ilk basqınının məhz həmin illərdə, yəni 639–640-cı illərdə baş verdiyini qeyd edir. Bu müəlliflərdən "fütuhat" haqqında xüsusi kitab yazmış IX əsr ərəb tarixçisi əl-Bəlazuri Azərbaycanın hicri tarixi ilə 18 (639)-ci ildə Huzeyfə ibn əl-Yəmənin başçılığı ilə sülh yolu ilə alındığı barədə məlumat verir.
== İlk hücumlar haqqında ==
Azərbaycanın real fütuhatının başlandığı hicri 22 (643)-ci ildən çox əvvəl, İyad ibn Ğənmin başçılıq etdiyi ərəb ordusunun xəlifə Ömərin əmri ilə 639-cu ilin avqustunda başlamış Mesopotamiyanın işğalı prosesində Azərbaycan ərazisinə hücum (və bəlkə də hücumlar) olmuşdur.