Neftçi PFK Avropa yarışlarında
Neftçi PFK UEFA bayrağı altında keçirilən və Azərbaycan klublarının qatıldığı 5 qitə turnirinin hamısında, ümumilikdə 22 dəfə iştirak edib.
== Tarixi ==
"Neftçi" avrokuboklarda ilk dəfə qələbə qazanan Azərbaycan klubu olub (1996-cı ildə Bakıda Bolqarıstan "Lokomotiv"i üzərində 2:1 hesablı qələbə), Çempionlar Liqasında 2 il ardıcıl mərhələ adlayıb (2004/05 və 2005/06 mövsümlərində), avrokuboklarda ilk səfər qələbəsinə nail olub (2005-ci ildə İslandiyada "Hafnarfyordur" üzərində 2:1 hesablı qələbə), avrokuboklarda iki mərhələ adlayan ilk komanda olub (2008-ci ildə İntertoto Kubokunda).
2011–12-ci il mövsümünün qalibi kimi Çempionlar Liqasına vəsiqə qazanmış "Neftçi" mübarizəyə ikinci mərhələdən başladı. Flaqman bu mərhələdə Gürcüstan çempionu "Zestafoni"ni iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdırdı. Bakıda keçirilmiş ilk matçda rəqibini 3–0 hesabı ilə məğlub etmiş komandamız səfərdə rəqibi ilə heç-heçə etdi. 2–2. Növbəti mərhələdə Flaqman İsrailin "Kiryat Şmona" klubuna uduzsa da, Avropa Liqasının pley-off mərhələsində çıxış etmək imkanı əldə etdi. Pley-off mərhələsində Kiprin "APOEL" klubunu iki oyunun nəticəsinə görə 4–2 (1–1,3–1) məğlub etmiş Flaqman Azərbaycan futbolu tarixində avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmış ilk klub oldu.
"Neftçi" Avropa Liqasının qrup mərhələsində, qitənin ən güclü 10 klubundan biri hesab edilən İtaliya "İnter"i, eləcə də Rusiyanın "Rubin" və Serbiyanın "Partizan" klubları ilə qarşılaşdı. "Partizan"la hər iki oyunda heç-heçə etmiş "Neftçi", "İnter"lə "Cüzeppe Meazza" stadionunda sülh bağladı.