Zübeydə Sultan
Zübeydə Sultan (29 mart 1728, İstanbul – 4 iyun 1756, İstanbul) — 23-cü Osmanlı sultanı III Əhmədin qızı.
== Həyatı ==
Zübeydə Sultan 1728-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası III Əhməd, anası isə xanımlarından Əminə Musəllin Qadınəfəndidir. Hələ 2 yaşında atası taxtdan endirilmiş, bu səbəblə bütün bacı-qardaşları kimi Köhnə sarayda yaşamağa başlamışdır. Buna baxmayaraq atasından sonra taxta çıxan əmisi oğlu Sultan Mahmud ona qarşı olduqca mülayim olmuşdur. Hətta 1747-ci ilin avqustunda onun adına sahildə bir köşk də inşa etdirmişdi.
6 yanvar 1748-ci ildə Anadolu bəylərbəyi Süleyman Paşa ilə nigahlansa da, nişandan bir neçə ay sonra paşa vəfat etdi. Çox keçmədən 16 dekabr 1748-ci ildə qapıçılar kəndxudası Numan ağa ilə evləndirildi. Nigahın ardından Numan ağa vəzirliklə Saloniki valisi təyin edildi. Cütlüyün toy mərasimi 6 yanvar 1749-cu ildə İstanbulda baş tutdu.