Zərqova
Zərqava — Azərbaycan Respublikasının Quba rayonunun Zərqava inzibati ərazi dairəsində kənd.
== Tarixi ==
Aspərəsti, Çayqışlaq, Xaspolad, İsnov, Kələnov, Qasımqışlaq, Qorxmazoba, Mahmudqışlaq kəndləri ilə birlikdə Zərqava bələdiyyəsinin tərkibindədir. Zərqavanın yaşayış məntəqəsi kimi mövcudluğu orta əsrlərə gedib çıxır. Əhalisi elə o vaxtlardan əkinçiliklə və maldarlıqla məşğul olub.Kəndin sahələri çox geniş ərazini əhatə edib. Zərqava İƏD ilə yanaşı, indiki Vəlvələ İƏD-nin hüdudlarında olan böyük torpaq sahələri onun əraziləri idi. Bu ərazilərdə Zərqavanın çoxlu sayda obaları,qışlaqları olub ki, onlar da sonradan böyüyərək ayrıca kəndlərə çevrilmişlər. Uzun müddət Zərqava 1860-cı ildə yaradılmış Bakı quberniyasının Quba qəzasının tabeliyində olmuşdur.
Kəndin və ona aid olan yaşayış məskənlərinin əhalisi 1918-ci ilin əvvəllərində yerli idarəetmə orqanı sayılan Zərqava cəmiyyətində birləşmişdi. Belə ki, həmin dövrdə Quba qəzası Quba şəhəri və 5 polis nahiyyəsi – Dəvəçi, Qusar, Müşkür, Rustov və 5-ci Fəthibəy nahiyyələrini əhatə edirdi. Hər bir polis nahiyyəsi öz növbəsində 2-dən 30-dək kəndin daxil olduğu bir neçə cəmiyyətdən ibarət idi.