Əsgərlər unudulanda ölürlər (film, 2018)
Əsgərlər unudulanda ölürlər — 2018-ci ildə Azərbaycanda istehsal olunmuş tammetrajlı sənədli film.
Jurnalist Arif Əliyevin "Yalama" povesti əsasında ekranlaşdırılmış bu film Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuşdur.
Film ARB televiziya kanalının "Aranfilm" Kino Mərkəzində hazırlanmışdır.
Filmin çəkilişləri dörd ay davam etmişdir. Çəkilişlər Bakıda, Yalamada, Xaçmazda, habelə Gürcüstanda, Türkiyədə, Rusiyada aparılmışdır.
Filmdə 1920-ci ildə Azərbaycana təcavüz etmiş 70 minlik XI Qırmızı Ordunun qarşısına birinci çıxan və son nəfəsinədək düşmən qarşısından çəkilməyən Yalama qarnizonunun 350 igid əsgərinin taleyindən bəhs edilir. Qarnizonun 350 əsgəri 70 minlik işğalçı ordunun zərbəsi qarşısında Yalama döyüşü zamanı iki saat duruş gətirmiş və son nəfəsinə qədər mövqeyindən çəkilməmişdir.
Bəstəkar Vaqif Gərayzadə film üçün orijinal musiqi bəstələyib. Belə ki, filmdə istifadə olunan mahnıların mətnləri şəhid əsgərlərin son məktublarında yazdıqları şeirlər əsasında tərtib olunmuşdur.
Ssenari müəllifi: Arif Əliyev
Rejissor: Rövşən Almuradlı
Baş operator: Rafiq Əliyev
Bəstəkar: Vaqif Gərayzadə
Montaj və qrafika: Pərviz Səlimov
İcraçı direktor: Nicat Məmmədov
Prodüser: Arif Əliyev
20 noyabr 2018-ci il tarixində Nizami Kino Mərkəzində filmin təqdimatı keçirilmişdir.