Özbəkistanın dövlət quruluşu
Özbəkistanın dövlət quruluşu - 1992-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi.
== Dövlət quruluşu ==
Özbəkistan - güclü prezident idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan müstəqillik günü (1991) sentyabr ayının 1-də qeyd olunur. Ölkə Konstitusiyası 8 dekabr 1992-ci ildə qəbul olunmuşdur.
== İnzibati ərazi bölgüsü ==
12 vilayətə (Buxara, Cizzəx, Nəvai, Qaşqadərya, Səmərqənd, Sırdərya, Surxandərya, Daşkənd, Fərqanə, Əndican, Namanqan və Xarəzm), Qaraqalpaq Muxtar Respublikasına və Daşkənd paytaxt şəhərinə bölünür .
== Dövlət başçısı ==
Özbəkistanın suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün, ölkə Konstitusiyanın və qanunlarının, eləcə də vətəndaşların hüquq və azadlıqlarının qarantı olan Prezident ümumxalq səsverməsi yolu ilə 7 il müddətinə seçilir.
Mövcud Konstitusiyaya əsasən dövlətin idarə olunmasında çox geniş səlahiyyətlərə malik olan dövlət başçısı Özbəkistan Respublikasını ölkə daxilində və beynəlxalq münasibətlərdə təmsil edir, Baş naziri və digər nazirləri, Baş Prokuroru, məhkəmə hakimlərini, ali komanda heyətini, əyalət qubernatorlarını
təyin və vəzifədən azad edir.
Eyni zamanda silahlı qüvvələrin ali baş komandanı sayılan dövlət başçısı, zərurət yarandıqda ölkədə müharibə vəziyyəti və səfərbərlik elan edərək qəbul etdiyi qərarını 3 gün ərzində Parlamentin təsdiqinə təqdim etməkdə səlahiyyətlidir.
== Qanunverici hakimiyyət ==
2002-ci ildə keçirilmiş referendum nəticəsində Özbəkistan Respublikasının Ali Məclisinə növbəti seçkilər zamanı iki palatalı (Senat və Qanunverici palata) Parlamentin yaradılması haqqında qərar qəbul edilmişdir. Konstitusiyaya əsasən Parlament (Ali Məclis) iki palatadan – 100 yerlik Senatdan (Yuxarı Palatadan – senatorların 84-ü yerli icra şuraları tərəfindən səsvermə yolu ilə 5 il müddətinə seçilir, 16-sı Prezident tərəfindən təyin edilir) və 150 yerlik Qanunverici Palatadan (135-i ümumxalq səsverməsi yolu ilə 5 il müddətinə seçilirlər) ibarətdir.