İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti — Azərbaycan Respublikasında su təchizatı sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən, mərkəzləşdirilmiş qaydada istehlakçıları içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən dövlət şirkətidir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.
5 noyabr 2020-ci ildən 30 mart 2023-cü ilə qədər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olub.
ASC 30 mart 2023-cü ildə əmlakları ilə birlikdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib.
Bakı şəhəri icməli su ilə XX əsrin müxtəlif dövrlərində tikilmiş kəmərlər vasitəsilə 4 mənbədən təchiz olunur – Şollar və Xaçmaz yeraltı suları, Ceyranbatan su ambarı və Kür çayı, lakin 80 illərin sonu – 90-cı illərin əvvəllərində baxımsızlıq nəticəsində su təchizatı sistemində ciddi çətinliklər yaranmışdır. 1993-cü ildə ölkədə sabitlik bərqərar olunduqdan sonra qarşıda duran əsas vəzifə iqtisadiyyatın bir çox sahələrində olduğu kimi, su təchizatı sistemindəki çətinlikləri də aradan qaldırılmaqdan ibarət idi. İlk növbədə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrinin içməli su ilə təchizatının yaxşılaşdırılmasına imkan verə biləcək bir qurumun yaradılmasına başlandı. Bununla əlaqədar olaraq, iki sabiq dövlət qurumu olan "Kommunsənayesutəchizatı" İstehsalat Birliyi və "AzSuGEO" Elmi-Tədqiqat İnstitutunun əsas və dövriyyə vəsaitlərinin zəminində Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 1995-ci ildə Abşeron Regional Səhmdar Su cəmiyyəti yaradılmışdır. Həmin dövrdə MDB ölkələri arasında ilk dəfə olaraq "Böyük Bakının su təchizatı sisteminin yenidənqurulması layihəsi" üçün beynəlxalq maliyyə institutlarından su sektoruna güzəştli şərtlərlə kredit ayrılmasına nail olundu və bu layihə uğurla həyata keçirildi. İqtisadiyyatın digər sahələrində olduğu kimi, su təchizatı sisteminin yaxşılaşdırılması istiqamətində aparılan islahatlar bu gün də uğurla davam etdirilir və daha da genişləndirilir.