Əştərək
Əştərək, Aştarak — Ermənistan Respublikasında şəhər. İrəvan şəhərindən Şimal-Qərbdə, Abaran (dəyişdirilmiş adı Kasax) çayı sahilində, İrəvan-Gümrü şosse yolunun üstündə yerləşir. 1963-cü ildən respublika tabeli şəhərdir. Əştərək rayonunun mərkəzidir.
== Tarix ==
IV əsrlərdə Arşakilərin, VIII-X əsrlərdə ərəblərin, IX-XI əsrlərdə Şirak hakimiyyətinin tabeliyində Pəhləvilərin hökmranlığı altında olmuş, XI-XVI əsrlərdə Səlcuq türklərinin tabeliyində, XVI-XIX əsrlərdə İrəvan xanlığına tabe olan Karbibasar mahalının tərkibində olmuşdur. 1828-ci ildə rus işğalından sonra İrəvan quberniyasının İrəvan qəzasının, sonra Eçmiədzin qəzasının tabeliyinə keçmişdir. İndi Ermənistan adlanan ərazidə sovet hökuməti qurulandan sonra 1929-cu illərdə rayonlaşdırma inzibati-ərazi bölgüsü yaradıldı. Əştərək 9 sentyabr 1930-cu ildə yaradılan rayonun adı oldu.
1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Əştərək kimi, 1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Karbi nahiyyəsinin tərkibində Aştarak, Qafqazın 5 verstlik xəritəsində Əştərək (Aştarak) kimi qeyd edilmişdir. Danışıq dilində Həştərək formasında işlədilir.