Əliqulu xan Şahsevən
Əliqulu xan Şahsevən (əvvəl Əliqulu bəy Şahsevən) — Şahsevən elinin, Muğan mahalının başçısı.
== Həyatı ==
Tarixdə ziddiyətli, lakin sərt, bacarıqlı bir şəxsiyyət kimi tanınmış Əliqulu xan Şahsevən elinin "Sarıxanbəyli oymağı"ndandır.
1727-ci ildə ruslar Astaranı, bir qədər sonra Lənkəranı da ilhaq etdilər. 1724-cü il müqaviləsinə görə, Azərbaycanın Kür çayından cənubda rus işğal zonasına daxil olmuş Xəzəryanı əyalətlərin hakimlərinin əksəriyyəti rus ordusunun üstün qüvvələrinə müqavimətin qeyri-mümkünlüyünü başa düşürdülər. Bu səbəbdən, öz hakimiyyətlərini saxlamaq üçün Muğanın mahal, nahiyə və el başçıları Dolqorukinin yanına gəldilər və rus təbəəliyini qəbul etməyə razı olduqlarını elan etdilər. Muğanlı Ramazan sultan, onun naibi Əliqulu bəy, Salyanlı Naib Əli bəy, eyni zamanda ətraf oba və kəndlərin kədxudaları, yüzbaşıları və digər nümayəndələri Rusiya dövlətinə sədaqət andı içdilər.
General-feldmarşal V. Dolqoruki Ucarud mahalına Şahsevən Məhəmmədcəfər sultanı, Məzariq nahiyəsinə Ramazan sultanı başçı təyin etmişdi. Ramazan sultanın Əliqulu bəy adlı naibi vardı. Ramazan sultan osmanlılara meyl edəndən sonra ruslar Əliqulu bəyi xan ünvanı ilə Muğana və Şahsevən elinə başçı təyin etdilər. Əliqulu bəy ruslara məruzə etmişdi ki, Ramazan sultan draqunlara vəd etdiyi 200 atı vermək istəmir.