Yaponların Havay Adalarına Miqrasiyası Muzeyi
Yaponların Havay Adalarına Miqrasiyası Muzeyi (日本ハワイ移民資料館, Nihon Havay İmin Şiryokan) – Yaponiyanın Yamaquçi prefekturasının Suo-Oşima qəsəbəsində yerləşən muzey. Yaponların Havay adalarına miqrasiya tarixinə həsr olunmuşdur.
1885–1894-cü illərdə Suo-Oşimadan Havay adalarına 3.913 yapon şəxs miqrasiya etmişdir və onların bir çox davamçısı Havay adalarında yaşamağa davam edir. Muzey yaponların Havay adalarına miqrasiya tarixini və onların yaşadıqları çətinlikləri işıqlandırmaq məqsədilə 8 fevral 1999-cu ildə (ilk yapon miqrant qrupunun Havay adalarına çatdığı 8 fevral 1885-ci il tarixi münasibətilə) açılmışdır. Muzey üçün eksponatların yığılması prosesi 1995-ci ildə başlamışdır.
Muzey Kaliforniyaya miqrasiya etmiş Çouemon Fukumotoya məxsus olmuş ikimərtəbəli iqamətgahda yerləşir. O, 1924-cü ildə Suo-Oşimaya qayıtmış və 1928-ci ildə bu binanı tikdirmişdir. Fukumoto binanın tikintisində istifadə olunacaq materiallar üçün özü şəxsən Tayvana getmişdir. Qərb və yapon memarlıq üslublarının vəhdətinə malik binanın tikintisi həmin dövrdə 30.000 yen məbləğinə başa gəlmişdir. Binanın ümumi döşəmə sahəsi 442 m2 təşkil edir.