Qafqaz Albaniyasının toponimləri
Qafqaz Albaniyasının toponimləri – Qafqaz Albaniyası ərazisində yayılmış toponimlər.
Mənbələrdə Albaniya ərazisində çoxlu yer adları çəkilir. II əsr müəllifi Klavdi Ptolemey Albaniya ərazisində 29 yaşayış məntəqəsi və 5 çay adını çəkir. Bu toponimlərin mənşəyi haqqında geniş ədəbiyyat var, lakin demək olar, heç birinin mənası açılmamışdır. Prof. Q. Qeybullayev isə onun göstərdiyi Sanua, Qelda, Alam, Baruka, Tabilaka və İobula toponimlərini müvafiq olaraq Albaniyanın Xeni, Qelavu, orta əsrlərdə Olom, Ulam və müasir Berikey (Dərbənd rayonunda), Tövlə (Qəbələ rayonu) və Balakən adları ilə qarşılaşdırır. Maraqlıdır ki, Ptolemey Sioda toponimini Kürlə Arazın birləşdiyi yerdə (təxminən indiki Cavad kəndinin yerində) olduğunu qeyd edir. Ehtimal ki, bu toponim Suv-ada çayların qovuşduqları yürdə üç tərəfdən su ilə əhatə olunan ada formalı yer sözüdür və Suada toponimi zaman keçdikcə Cavad formasını qəbul etmişdir. Ptolemeyin qeyd etdiyi Alban, Qelda, Kamexiya, Osika və Tilbida toponimləri müvafiq surətdə Albaniyanın Alban, Gel, Şamake, Şaka və Silb tayfalarının adlarını əks etdirir. Ptolemeyin qeyd etdiyi Alam toponimi türkcə olam, olom keçid sözündən ibarətdir.