Anamın kitabı
Anamın kitabı — Cəlil Məmmədquluzadənin 4 məclisli dramı.
1920-ci ildə Şuşa şəhərində tamamlanmışdır. Əlyazma nüsxələri AMEA-nın Əlyazmalar İnstitutunun arxivində saxlanılır.
Əsər ilk dəfə 15 yanvar 1923-cü ildə Bakıda, Dadaş Bünyadzadə adına Dram Teatrında tamaşaya (rej. A.Şərifzadə, Səməd Vahid - K.Ziya, Məmmədəli - İ.Talıblı, Gülbahar - Y.Olenskaya) qoyulmuşdur.
== Əsərin təhlili ==
İyirminci yüzilliyin əvvəllərində Azərbaycanda yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət vətənpərvər yazıçını dərindən düşündürürdü.
“Xalqın və ölkənin qarşılaşdığı problemləri necə həll etmək olar? Çıxış yolu nədədir?” qəbildən suallara Cəlil Məmmədquluzadə həm publisistik, həm də bədii əsərlərində cavab verməyə çalışır, müasirlərinin diqqətini taleyüklü məsələlərə cəlb edirdi. “Anamın kitabı”nda (1920) məhz belə bir ziddiyyətli dövrün problemləri təsvir edilmişdir.İdeyaca zəngin olan “Anamın kitabı” tragikomediyası bədii həlli verilən problemlərin çoxluğu ilə də fərqlənir : xalqa yadlaşmış ziyalıların məslək ayrılığı, soykökündən uzaqlaşmağın acınacaqlı nəticələri, milli müstəqillik və milli birliyin vacib olması və s. Qardaşların yaşadıqları evdə baş verənlər, cəmiyyəti-xeyriyyənin iclasındakı danışıqlar, eləcə də digər təsvirlər əsərdə qaldırılmış problemləri hərtərəfli əks etdirir.