Apraksiya
Apraksiya (lat. apraxia yun. ἀπραξία — "fəaliyyətsizlik") — Böyük beyin yarımkürələri və ya döyənək cismin (lat. corpus collosum) aparıcı yollarının zədələnməsindən irəli çıxan məqsədyönlü hərəki fəaliyyət pozğunluğu. Apraksiyanın kinetik, kinestetik və konstruktiv formaları var. Kinetik Apraksiya zamanı müəyyən iş görmək üçün tələb olunan hərəkətlərdə ardıcıllıq pozulur. Xəstə ətrafdakı cismlərdən necə istifadə edəcəyini unudur. Kinestetik Apraksiya zamanı xəstə ayrı-ayrı hərəkətləri ya heç edə bilmir, ya da təhrif olunmuş şəkildə edir. Konstruktiv Apraksiyada xəstə asimmetrik elementli həndəsi fiqurları təsvir edə bilmir. Apraksiya beyin şişi, beyin qan-damar xəstəlikləri, ensefalit və s.-dən irəli gəlir.