Avşarlar sülaləsi
Əfşar imperiyası, (Əddəulət-u Əfşar, Xanədan-i Türkmaniyyə) və ya Türkman eli (farsca: ایران افشاری) — Səfəvi dövlətinin süqutundan sonra yaranmış və əsası Nadir Şah Əfşar tərəfindən qoyulmuş tarixi Azərbaycan türk dövlətidir. Səfəvi şahı II Təhmasib Nadir Xanın nüfuzunun dövlətdə artdığını görüb öz nüfuzunu artırmaq məqsədilə 1731-ci ildə Osmanlılara qarşı yürüşə keçdi, lakin döyüşdə məğlub olduqdan sonra Nadir xanın Osmanlılardan azad etdiyi ərazilər təkrar Osmanlının əlinə keçdi. Nadir xan 1732-ci ildə Şah II Təhmasibi hakimiyyətdən salaraq onun yerinə şahın oğlu III Abbası hakimiyyətə gətirdi və dövləti onun adından idarə etməyə başladı. Dövlətin bütün torpaqlarını işğaldan azad etdikdən sonra o, 1736-cı ildə Səfəviləri devirib Əfşarlar imperiyasını qurdu.
== Əfşarlar sülaləsinin mənşəyi ==
İlk olaraq deyək ki Nadir şah bir ömürlük imperiyanı idarə edib. Fəzlullah Rəşidəddin və Əbülqazi Bahadır xan Xivəliyə görə əfşar adının mənası "işlərini cəld görən və ova həvəslidir". Bəzi müəlliflər isə bu adı əsərlərində "toplayıcı" və ya "əfsər, zabit" kimi açıqlayır. K. Nemət isə əfşar adının "avşı" feilindən yarandığı, "itaətli" mənasını verdiyini yazır. Türkoloq Mahmud Kaşğari "Divani-Lüğət-it-türk" əsərində 22 oğuz tayfalarından birini Əfşarlar qeyd etmişdir. Bu boy Boz oxlardan, Oğuz Xaqanın oğlu Ulduz xanın dörd oğlundan ən böyüyü olan Əfşarın soyundan gəlir.