Ağacavad Əlizadə
Əlizadə Ağacavad Əbdülhəsən oğlu (21 mart 1928, Salyan, Salyan qəzası – 25 aprel 1995) — şair, publisist, tərcüməçi, 1962-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
== Həyatı ==
Ağacavad Əlizadə 1928-ci il martın 21-də Azərbaycanın Salyan şəhərində anadan olmuşdur. Bakıda 40 saylı fəhlə-gənclər orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1953–1958). Əmək fəaliyyətinə Salyan mərkəzi kitabxanasında kitabxanaçı kimi başlamışdır (1942–1944). Sonra Salyan Dövlət Dram teatrında aktyor və rejissor müavini (1944–1948), Salyan rayonu 2 saylı uşaq evində pioner baş dəstə rəhbəri, radio qovşağında ədəbi müvəkkil və direktor (1948–1949), yenə kitabxanaçı, mədəniyyət evində təlimatçı, eyni zamanda pioner və məktəblilər evinin direktoru, "Qələbə" qəzeti redaksiyasında məsul katib olmuşdur. O, universitetdə tələbəlik dövründə "Lenin tərbiyəsi ugrunda" çoxtirajlı qəzet redaksiyasında məsul katib, təyinatla "Bakı" axşam qəzeti redaksiyasında məsul katibin müavini və tərcüməçi (1958–1960), "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, tənqid və biblioqrafıya şöbəsinin müdiri, məsul katib, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında məsul katib (1960–1976), "Yazıçı" nəşriyyatında böyük redaktor (1978–1987) işləmişdir.
İlk mətbu şeri "9 May" 1946-cı ildə Salyan rayonunun "Sosializm yolu" qəzetində çap olunmuşdur. Dövri mətbuatda müntəzəm çıxış etmişdir. Oçerk, publisistika və bədii tərcümə ilə də ardıcıl məşğul olmuşdur. Bir sıra televiziya filmlərinin ssenari müəllifıdir.