Ağarəhim Rəhimov
Ağarəhim Nüsrət oğlu Rəhimov (26 oktyabr 1948, Ucar rayonu) — nasir, publisist, dramaturq, ssenarist, 1998-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, pedaqoji elmlər doktoru (1993), professor (1993).
== Həyatı ==
Ağarəhim Rəhimov 26 oktyabr 1948-ci ildə Ucar rayonunun Boyat kəndində anadan olub. 1965-ci ildə Boyat kənd orta məktəbini, 1972-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirib. 1972-ci ildə doğma kəndində müəllim, 1972–1974-cü illərdə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb. 1976-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda elmi işçi, 1985-ci ildə şöbə müdiri olub. 1985-ci ildə namizədlik, 1993-cü ildə doktorluq dissertasiyaları müdafiə edib.
1992-ci ildə Bakı Qızlar Universitetini təsis edib. Həmin ildən onun rektorudur.
A. N. Rəhimovun elmi fəaliyyəti "Ana dili tədrisinin aktual problemləri"nə həsr olunub. Onun 300-dən artıq elmi-nəzəri və praktik məqaləsi, ana dili tədrisinin problemlərinə aid 46 kitab və kitabçası, o cümlədən IV sinif üçün "Azərbaycan dili", ali pedaqoji məktəblərin pedaqoji fakültələri üçün "Ana dilinin tədrisi metodikası" dərslikləri, "Azərbaycan dilindən sintaksisin tədrisinin nəzəri və praktiki əsasları" və "İbtidai siniflərdə oxu təlimi", "Azərbaycan dili dərslərində şagirdlərdə monoloji nitqin inkişafı", "Şagirdlərin obrazlı nitqinin inkişafı" monoqrafiyaları çap olunub.