Banqladeşin dövlət quruluşu
Banqladeşin dövlət quruluşu - 1972-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemidir.
== Dövlət quruluşu ==
Banqladeş parlament formasında idarəetmə üsuluna malik respublikadır . Milli bayram günü olan müstəqillik günü (1971) 26 mart tarixində qeyd olunur. Ölkə Konstitusiyası 4 noyabr 1972-ci ildən qüvvədədir.
== Dövlət başçısı ==
Əsasən mərasim funksiyalarını yerinə yetirən Prezident Parlament tərəfindən 5 il müddətinə seçilir.
Konstitusiyaya görə, eyni zamanda silahlı qüvvələrin ali baş komandanı sayılan dövlət başçısı, Banqladeş Respublikasının xarici siyasətinin məqsədyönlü və ardıcıl şəkildə həyata keçirilməsinə nəzarət etmək, zəruri hallarda Milli Assambleyanı çağırmaq və buraxmaq, fövqəladə vəziyyət elan etmək, Parlamentlə razılaşdırmadan Ali Məhkəmənin üzvlərini və aşağı instansiya məhkəmələrinin hakimlərini təyin etmək səlahiyyətlərinə malikdir.
Banqladeşdə unikal sistem kimi tətbiq olunan “Müvəqqəti hökumətin” (seçkilərin keçirilməsinə və hakimiyyətin ötürülməsinə məsuliyyət daşıyır) keçid hakimiyyəti dövründə dövlət başçısının səlahiyyətləri genişlənir, digər hallarda isə real hakimiyyət Prezidentin təyin etdiyi Baş nazirin əlində cəmlənir. Bu zaman, dövlət başçısı səlahiyyətlərinin böyük bir qisminin icrasını Baş nazirin məsləhətinə uyğun olaraq həyata keçirir.
== Qanunverici hakimiyyət ==
Banqladeşin ali qanunverici orqanı bir palatadan – ümumi və bərabər seçki əsasında gizli səsvermə yolu ilə 5 il müddətinə seçilən 345 üzvü olan Milli Assambleyadan (Jatio Sanqşad) ibarətdir. Parlamentdə 45 deputat yeri birmandatlı dairələrdən seçilən qadın deputatlar üçün nəzərdə tutulmuşdur.