İkinci Dünya müharibəsində Bolqarıstanın bombalanması
İkinci Dünya müharibəsində Bolqarıstanın bombalanması — İkinci Dünya müharibəsi zamanı Qərb Müttəfiqlərinə məxsus hərbi təyyarələr tərəfindən Bolqarıstan ərazisindəki şəhər və obyektlərə endirilmiş bir sıra hava hücumları.
== Bombalanma ==
Bolqarıstan ərazisinə ilk aviazərbələr nasistlərin Yuqoslaviyaya hücumu başladıqdan sonra, 6 aprel 1941-ci ildə Yuqoslaviyanın 3-cü bombardmançı alayının 64-cü qrupundan olan dörd "Do.17Kb-1" bombardmançı təyyarəsi tərəfindən Köstəndildə həyata keçirilmişdir. Başqa bir Yuqoslaviya təyyarəsi saat 15:00 radələrində Sofiyanın qərb kənarına bombalar atmış, lakin onlar partlamamışdır.
1941-ci il aprelin 6-dan 7-nə keçən gecə Yunanıstandan uçan Britaniyanın altı "Vellinqton" bombardmançı təyyarəsi Sofiya üzərinə bombalar atmışdır. Atılan bombalar dəmiryol vağzalı yaxınlığına və yaşayış məntəqələrinə düşmüşdür. Hava hücumları müharibə elan edilmədən həyata keçirilmişdir. Yuqoslaviya və Yunanıstanda baş tutan döyüşlər Birləşmiş Krallıq, Yuqoslaviya və Yunanıstan üçün uğursuz inkişaf etdiyi üçün bombardmanların davamı gətirilməmişdir.
14–24 yanvar 1943-cü il tarixlərində Kasablankada keçirilən konfransda ABŞ Prezidenti Franklin Ruzvelt və Britaniyanın Baş naziri Vinston Çörçill Bolqarıstanı strateji bombardmana başlamaq qərarına gəlmişdilər. 1 avqust 1943-cü ildə ABŞ bombardmançı komandanlığı Rumıniyada yerləşən neft yataqlarına və neft emalı zavodlarına zərbələr endirmək məqsədi daşıyan "Qabarma dalğası" əməliyyatına başlamışdır. Bombardmançı təyyarələr Bolqarıstanın hava məkanından keçmişdir.