Zərifə Budaqova
Zərifə İsmayıl qızı Budaqova (28 aprel 1929, İrəvan – 10 noyabr 1989, Bakı) — filologiya elmləri doktoru (1963), professor (1968), AMEA-nın müxbir üzvü (1980), azərbaycanlı qadınlar arasında filologiya elmləri namizədi və elmlər doktoru elmi adı almış ilk alim və Dilçilik İnstitutunun ilk qadın direktoru (1988–1989-cu illər).
== Həyatı ==
Zərifə Budaqova 28 aprel 1929-cu ildə İrəvan şəhərində anadan olub. 1943-cü ildə Ermənistan SSR Pedaqoji Texnikumunda, 1945-ci ildə Ermənistan SSR Dövlət Pedaqoji İnstitununun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb. 1948-ci ildə tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisindəki azərbaycanlıların böyük qisminin deportasiya edilməsi nəticəsində Zərifə Budaqovanın da ailəsi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə köçmüş və o, 1948–1949-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsilini davam etdirərək oranı fərqlənmə diplomu ilə bitirmişdir.
== Elmi fəaliyyəti ==
Zərifə Budaqova 1949–1953-cü illərdə Moskva şəhərində keçmiş SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunun Türk dilləri sektorunun aspiranturasında oxuyan Zərifə Budaqova 1953-cü ildə "Azərbaycan dilində feilin tərz kateqoriyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. O, 1963-cü ildə "Azərbaycan ədəbi dilində sadə cümlə" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini alıb. Zərifə Budaqova 1968-ci ildə "Türk dilləri" ixtisası üzrə professor elmi adını qazanıb, 1980-ci ildə isə AMEAnın müxbir üzvü seçilib.
Zərifə Budaqova azərbaycanlı qadınlar arasında filologiya elmləri namizədi və elmlər doktoru elmi adı almış ilk alim və Dilçilik İnstitutunun ilk qadın direktoru olub.
Alim 100-dən artıq elmi əsərin, 8 kitabın müəllifidir. O, bir çox beynəlxalq, ümumittifaq və respublika miqyaslı simpozium, konfrans, müşavirə və elmi sessiyalarda iştirak edərək Azərbaycan Elmlər Akademiyasını təmsil edib.