Culfa rayonunun mineral bulaqları
Rayon ərazisində 85 mineral bulaq (onlardan 42-si mexaniki üsul ilə) qazılmışdır.
== Ağsal mineral bulağı ==
Ərəfsə kəndindən 2 km cənubda, Ağsal dağının ətəyində yerləşir. Okean səviyyəsindən 1890 metr yüksəklikdədir.
== Başkənd mineral bulağı ==
Əlincə kəndindən 1,5 km şimalda, okean səviyyəsindən 2340 metr yüksəklikdə yerləşir. Eyni kimyəvi tərkibli bulaq suyundan yaxın ərazidə, okean səviyyəsindən 2100 metr hündürlükdə yerləşən “Gilənarlıq dərəsi” deyilən yerdə də vardır. Hər iki bulaq suyunun kimyəvi tərkibi Rusiyanın Kislovodsk şəhərindəki (Şimali Qafqaz) Nazran suyunun tərkibi ilə eynilik təşkil edir. Sözügedən mineral sular daxili xəstəliklərin müalicəsində mühüm rola malikdirlər, lakin elmi şəkildə tam öyrənilməmişdirlər.
== Darıdağ mineral (termal) bulağı ==
Culfa şəhərindən 8 km şimal-şərqdə, Darıdağın ətəyində, okean səviyyəsindən 900 m. yüksəklikdə 5 bulaqla 32 sayda mexaniki quyular vardır. Yer altından təzyiqlə çıxan mineral tərkibli termal (isti) sular karbonqazlı, mərgümüşlü (radiaktiv zəhərli maddədir), yüksək minerallaşmış xlorlu-hidrokarbonatlı-natriumludur.