Pirallahı bürcləri
Qüllər vaxtilə Pirallahı adasının qarşısında yerləşirdi. Təəssüf ki, adanın ərazisində, həmçinin yarımada ilə üzbəüz ərazidəki abidələr qalmamışdır. Yerlərdə aparılan yoxlama bu abidələrin hətta nişanələrini belə aşkar etməyə imkan verməmişdir. Bu yox olmuş maraqlı abidələri xarakterizə etmək üçün əlimizdə yalnız iki sənəd var. Birincisi bu üç bürcdən birinin XIX əsrdə çəkilmiş fotoşəklidir. İkini sənəd bu abidələrin XVIII əsr səyyahı Lerxin "Onun həyatı və səyahətləri" əsərinə əlavə edilmiş qrafik təsviridir.
Lerx XVIII əsrin sonunda çap edilmiş səyahətin təsvirində "Pir" adasının və Abşeron yarımadasının üzbəüz sahilinin sxematik planını vermişdir. Lerxin təsviri ona görə qiymətlidir ki, o coğrafi şəraiti göstərməklə məhdudlaşmamış, onun bu yerlərə gəlişinə qədər qorunub saxlanmış abidələri sxematik olsa da, kifayət qədər dəqiq təsvir etmişdir.
Şəkildə Abşeron yarımadasının qurtaracağında üç bürcün sxemini görünür. Bu bürclərdən birinin yanında iki məqbərə də təsvir edilmişdir.