Tofiq Bəhramov
Tofiq Bəhram oğlu Bəhramov (29 yanvar 1925, Ağdam, Ağdam qəzası – 26 mart 1993, Bakı) — Azərbaycanlı futbol hakimi, futbolçusu, Azərbaycan Futbol Federasiyası Assosiasiyasında hakimlərin sədri, daha sonra isə baş katib vəzifələrində çalışmışdır. 1966-cı ildə İngiltərədə keçirilən 1966 FİFA Dünya Kubokunun finalında Tofiq Bəhramovun İngiltərə milli futbol komandasının lehinə verdiyi obyektiv qərar Uembli stadionuna toplaşmış 98000 tamaşaçının yaddaşına həkk olmuş və dünya futbol tarixinin ən mübahisəli epizodlarından sayılır.
O, dünya futbol tarixində adına heykəl olan və adı stadiona verilən ilk hakimdir.
== Həyatı ==
=== Erkən illəri ===
Tofiq Bəhramov 1925-ci il 29 yanvarda Ağdamda anadan olub. Onun valideynləri 1918-ci il hadisələri vaxtı Zəngəzur qəzası, İncəvar kəndindən (1930-cu illərdə ləğv edilən kənd Ermənistan SSR, Qafan rayonunda yerləşib) didərgin düşmüşdü.
=== Futbolçu karyerası ===
Futbolçu karyerasına 1943-cü ildə başlayan Tofiq Bəhramov 6 ay "Spartak" cəmiyyətində məşq edəndən sonra Bakı birinciliyində "Burevestnik"-lə oyunda debüt etdi. Bir il sonra Bəhramov artıq SSRİ çempionatının B qrupunda yarışan Bakı "Dinamo"suna yollandı. Daha sonra isə "Neftyannik"ə dəvət olunub. O, futbolçu kimi təkcə Azərbaycan çempionatında iştirak edib. Müasirlərinin dediyinə görə, Bəhramov əsas oyunçu olmasa da, komandanın kapitanı olub və hakimlərlə daha çox mübahisə etməsinə görə digər oyunçulardan fərqlənib, lakin onun futbolçu karyerası istədiyi kimi alınmayıb.