Şəhər darvazası (Valletta)
Şəhər darvazası (malta Bieb il-Belt, hərfi tərcümədə "Şəhərin qapısı") — Maltanın paytaxtı Vallettanın girişində yerləşən darvaza. Bu günə qədər qoyulan beşinci darvaza olan müasir darvaza 2011 və 2014 illəri arasında İtalyan memar Renzo Pianonun dizaynı ilə inşa edilmişdir.
Əraziyə yerləşdirilən ilk qapı, 1569-cu ildə ya Fransesko Laparelli ya da Girolamo Kassarın dizaynı ilə tikilmiş Porta San Giorgio idi. Qapı 1586-cı ildə Porta Reale (malta Putirjal) adlandırıldı. 1633-cü ildə darvaza Tommaso Dinglinin dizaynı ilə yenidən quruldu. 1798-ci ildə Fransanın Maltanı işğal etməsi zamanı qısa bir şəkildə Porte Nationale olaraq adlandırılsa da, Malta 1800-cü ildə İngilislərin hakimiyyəti altına düşdükdə darvazanın adı Porta Reale olaraq dəyişdirildi.1853-cü ildə darvaza yenidən bir dəfə daha Kingsgate və ya Kingsway kimi tanınan daha böyük bir qapı ilə əvəz edildi. Bu ilk üç qapı hamısı Valletta şəhər divarlarının bir hissəsini təşkil etmişdir. Qapı qeyri-rəsmi olaraq Porta di terra ("torpaq qapısı" deməkdir) adlandırıldı, çünki bu şəhərə yeganə yerüstü giriş idi.
Sonuncu möhkəmləndirilmiş qapı 1964-cü ildə söküldü, yerinə Alziro Bergonzo tərəfindən hazırlanan Futurist qapısı quraşdırıldı. Bu qapı 2011-ci ildə söküldü və 2014-cü ildə tamamlanan Pianonun qapısı ilə əvəz olundu.