Dağıstanda Azərbaycan Türkləri
Dağıstan azərbaycanlıları (rus. Азербайджанцы в Дагестане; azərb-kiril. Дағыстан азәрбајҹанлылары) — Azərbaycan türklərinin və ya azərbaycanlılarının Dağıstanda məskunlaşmış bir hissəsi. 2021-ci il siyahıyaalınmasına görə, Dağıstan Respublikasında yaşayan azərbaycanlıların sayı 116.907 nəfərdir. Bu say ilə azərbaycanlılar bölgədə ən çox yayılmış VII etnik qrupdurlar.
Dağıstan azərbaycanlıları Dağıstan tarixində mühüm yeri tutmaqdadırlar. Xüsusən Cənubi Qafqazda Türk tayfalarının mövqesinin güclənməsindən sonra Dağıstanda da türklərin və ya azərbaycanlıların mövqeləri güclənməyə, yeni yaşayış məntəqələri meydana çıxmağa başlamışdır. Səfəvi imperiyası və ya onlardan sonrakı Əfşar sülaləsi dövründə bölgəyə hərbi yürüşlərin həyata keçirilməsi regiondakı azərbaycanlı varlığını daha da gücləndirmişdir.
Dağıstanın mədəni və siyasi yaşayışında Azərbaycan türkcəsi də mühüm rol oynamışdır. Dağıstanın digər yerli xalqlarının dillərinə güclü təsir etməklə bərabər, uzun müddət əsas yazı və ünsiyyət dili funksiyasını yerinə yetirmişdir.