Litva kitab daşıyanları
Litva kitab daşıyanları və ya Litva kitab qaçaqmalçıları ― 1864–1904-cü illərdə latın əlifbası ilə kitab çapı qadağan edildiyi üçün litva dilində kitabları qanunsuz şəkildə yayan insanlar. Qadağan edilmiş Litva ədəbiyyatının çapı üçün sərhədə yaxın nəşriyyatlar seçilirdi. Litva dilində latın əlifbası ilə çap edilən kitablar əsasən Şərqi Prussiyada çap edilərək Rusiya İmperiyasının litvadilli bölgələrinə göndərilirdi.
Rusiya rəsmiləri qadağan edilmiş kitabların daşınmasına qarşı mübarizə aparırdılar. Tutulan kitab daşıyanlar cəzalandırılırdılar. Onların bir çoxu Sibirə sürgün edilmiş, yüzlərlə kitab daşıyan isə həbsxanalarda həbslərini çəkdikdən sonra imperiyanın qonşu quberniyalarına sürgün edilmişdilər. Bütün bunlara baxmayaraq müasir hesablamalara əsasən qanunsuz kitablara qarşı mübarizə aparan Rusiya İmperiyası Litva ərazisinə qanunsuz yolla keçirilən kitabların ancaq 8–10 faizi müsadirə edə bilib.
Əsasən kəndlilərin iştirak etdiyi Kitab daşıyanlar hərəkatı XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində onilliklər boyu Litva milli-azadlıq hərəkatının ayrılmaz hissəsinə və milli kimliyin qorunması uğrunda mübarizənin mühüm elementinə çevrildi. Bunun nəticəsində milli hərəkatın əsasını təşkil edən və işdə iştirak edən şəxslərin əlaqələri və tanışlıqları yarandı. Hazırda hər il Litvada 16 mart Kitab daşıyanlar Günü kimi qeyd edilir.