Çıraqov və digərləri Ermənistana qarşı
Çıraqov və başqaları Ermənistana qarşı və ya Çıraqov və digərləri Ermənistana qarşı (ing. Chiragov and Others v. Armenia) — Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci, 13-cü və 14-cü maddələrinin və Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu haqqında Azərbaycan Respublikasının vətəndaşları Elxan Çıraqov, Adışirin Çıraqov, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qaraca Cəbrayılovun 6 aprel 2005-ci il tarixdə verilmiş iddiası üzrə Avropa İnsan Haqları Məhkəməsi tərəfindən 16 iyun 2015-ci il tarixdə qəbul edilmiş qərar. Məhkəmənin 2011-ci il 14 dekabr tarixli qərarı ilə ərizəçilərin şikayətləri qəbuledilən elan edilmişdir. Azərbaycan Hökuməti işdə üçüncü tərəf qismində çıxış etmişdir.
1992-ci il mayın 17-də Laçın şəhəri erməni qüvvələri tərəfindən ələ keçirilmişdir, sonrakı günlərdə şəhər qarət edilmiş və yandırılmışdır. "Human Rights Watch" təşkilatının hesabatına əsasən Laçın rayonunun işğal edilməsi nəticəsində 30 min azərbaycanlı, o cümlədən kürdlər məcburi köçkün vəziyyətinə düşmüşdür.
Ərizəçilər bildirmişlər ki, onlar Laçın rayonunda yaşamış Azərbaycan kürdləridir və əcdadları orada yüz illər boyu yaşamışlar. 1992-ci il mayın 17-də onlar rayondan Bakıya məcburi köçmüşlər. Həmin vaxtdan erməni işğalına görə öz evlərinə və mülklərinə qayıda bilməmişlər.