Bakı Şəhər Dumasının binası
Bakı Şəhər İcra Hakimiyyətinin binası — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində, İstiqlaliyyət küçəsi, 4 ünvanında yerləşən inzibati bina. Bina 1900–1904-cü illərdə memar İosif Qoslavskinin layihəsi əsasında barokko stilində inşa edilmişdir. Bina memar Qoslavskinin son əsəridir. 1904-cü ildə Qoslavskinin ölümündən sonra layihənin tamamlanması işinə əvvəlcə Kazimir Skureviç, daha sonra isə İosif Ploşko rəhbərlik etmişdir.
Bakı şəhər Dumasının sifarişi ilə inşa edilmiş bina hazırda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən istifadə edilir. Həmçinin bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır.
== Tarix ==
=== Bakı Şəhər Duması ===
1864-cü ildə şəhər idarəsi qaydalarının hazırlanmasından sonra, 1866-cı ilin martına kimi həmin qaydalar təkmilləşdirildi. Bundan sonra qanun baxılması üçün Dövlət Dumasına təqdim edildi. 16 iyul 1870-ci ildə Şəhər Nizamnaməsi qəbul edildi.
Yeni qanunun Azərbaycanda tətbiq edilməsi "yerli xüsusiyyətlər"in nəzərə alınması üçün yubadıldı.