Azərbaycan SSR birinci beşillik dövründə
Azərbaycan SSR birinci beşillik dövründə — Azərbaycan SSR-də iqtisadiyyatın mühüm inkişaf mərhələlərindən biri.
== Beşillik dövründə Azərbaycan SSR iqtisadiyyatına kapital qoyuluşu ==
Birinci beşillik plan Azərbaycan SSR xalq təsərrüfatının inkişafında mühüm addım oldu. Belə ki, xalq təsərrüfatına (kolxozlarsız) 140 milyon manat (müqayisəli qiymətlə), o cümlədən sənaye inkişafına 89 mln manat (və ya respublika xalq təsərrüfatına yönəldilən bütün kapitalın 63,6 faizi), nəqliyyat və rabitəyə 11 mln (10,7 faiz), kənd təsərrüfatına 16 mln, (7,2 faiz), mənzil tikintisinə, elm, mədəniyyət, maarif, səhiyyə və s. 24 mln manat (21,4 faiz) vəsait qoyulmuşdu.
== İqtisadiyyatın möhkəmləndirilməsi sahəsində uğurlar ==
=== Neft sənayesinin inkişafı ===
Neft sənayesi xüsusilə inkişaf etmişdi. Zəngin yataqları olan Neftçala, Qala (" Əzizbəyovneft" tresti), Lökbatan, Qaraçuxur və s. istismara verildi. Abşeronun hüdudlarından kənarda yeni neftli sahələrin mənimsənilməsinə başlandı. Qazma sahəsində müvəffəqiyyətlər əldə edildi. Qazıma işlərinin həcmi əgər beşilliyin birincilində 320,6 min metr idisə, 1932-ci ildə 484,3 min metrə çatdı.