2023 Qarabağ döyüşlərinə reaksiyalar
2023 Qarabağ döyüşlərinə reaksiyalar — 2023-cü il 19-20 sentyabr tarixlərində arasında baş vermiş Qarabağ döyüşlərinə ölkədaxili və beynəlxalq reaksiyalardır.
== Daxili ==
=== Azərbaycan tərəfi ===
Azərbaycanın Xarici İşlər Nazirliyi sentyabrın 19-da Xocavənddə mina terroru nəticəsində dinc şəxslərin və Daxili İşlər Nazirliyinin polislərinin ölümü barədə açıqlama vermişdir. Açıqlamada "bölgədə sülhün təmin edilməsi üçün Ermənistanın və onun yaratdığı qondarma rejimin hərbi təxribatları və törətdiyi terror hadisələrini qətiyyətlə pislənməli və onların qarşısı alınmalı" olduğu qeyd edilmiş və 2020-ci ildən indiyə qədər ümumi olaraq mina qurbanlarının sayının 314 nəfərə çatdığı, onlardan 61 nəfərin həyatını itirdiyi vurğulanmışdır.
Xarici İşlər Nazirliyi gün ərzində verdiyi növbəti bəyanatında "bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolunun erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılması" olduğunu bildirmişdir.
Sentyabrın 19-da axşam saatlarında Azərbaycan Prezidentinin Administrasiyası bəyanat yayaraq Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni insanların nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu, antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejimin isə özünü buraxmalı olduğu bildirimişdir.
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun müsahibəsi zamanı "Qarabağda olan qanunsuz silahlılar hər gün yüzlərlə insanımızın həyatına ciddi təhdid törətdiyini, üç ilə yaxındır həmin ərazidə 10 minə yaxın qeyri-qanuni silahlısının mövcud olduğunu" bildirmişdir.
Azərbaycanın İnsan hüquqları üzrə ombudsmanı Səbinə Əliyeva sentyabrın 19-da bəyanat yayaraq "Azərbaycan tərəfinin işğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minaların düzgün xəritələrini dəfələrlə tələb etməsinə baxmayaraq, Ermənistanın bu xəritələri təhvil verməməsinin bu dövlətin günahsız insanların qətlində maraqlı olduğunu, beynəlxalq humanitar hüququn normalarına etinasız münasibətini bir daha sübut elədiyini" bildirmişdir.
Azərbaycan Milli Məclisinin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Azay Quliyev hadisələri şərh edən zaman Azərbaycanın əsas hədəfiniz qanunsuz hərbi birləşmələrin Qarabağdan çıxarılması, orada yaşayan erməni əhalinin siyahıya alınması və reinteqrasiya prosesini başlamaq üçün lazımi digər addımların atılması olduğunu qeyd eləmişdir. Azərbaycan Milli Məclisinin deputatlarından Səttar Möhbalıyev "antiterror tədbirlərinin Azərbaycanın tam suveren haqqı" olduğunu qeyd eləmişdir, Aydın Mirzəzadə "antiterror tədbirlərinin məqsədinin Qarabağda olan erməni hərbi hədəflərinin sıradan çıxarılması" olduğunu, Soltan Məmmədov isə "heç bir dövlətin öz ərazisində qanunsuz silahlı birləşmələrin mövcudluğu ilə razılaşa bilməyəcəyini" vurğulamışdır. Azərbaycan Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Rəşad Mahmudov hadisələrlə bağlı "bölgə terrorçu hərbi birləşmələrdən təmizlənmədən nə quruculuq prosesi, nə də sülh ola bilməz" şərhini vermişdir.