Sonra biz rəqs etdik (film, 2019)
"Sonra biz rəqs etdik" (gürc. და ჩვენ ვიცეკვეთ) — 2019-cu ildə Levan Akinin rejissorluğu ilə çəkilmiş İsveç-Gürcüstan ortaq istehsalı olan dram filmidir. Filmdə əsas rolları Levan Gelbakiani, Baçi Valişvili və Ana Cavaxişvili canlandırmışlar.
Film, Gürcüstan Milli Rəqslər Ansamblının solistləri olan Merab və İrakli arasındakı rəqib münasibətlərinin romantik sevgi hisslərinə çevrilməsindən bəhs edir.
Filmin premyerası 2019-cu ildə Kann kinofestivalı çərçivəsində keçirilən Rejissor ikihəftəliyində baş tutmuşdur. İsveçdə filmin premyerası 13 sentyabr 2019-cu ildə, Gürcüstanda isə həmin ilin 9 noyabrında həyata keçirilmişdir. Gürcüstanda filmin premyerası homofobik qüvvələrin nümayişləri və asayişi pozmaq cəhdləri ilə müşayət olunmuşdur.
Film 92-ci Oskar mükafatlarında "Ən yaxşı xarici film" nominasiyasında İsveçi təmsil etmək üçün seçilmişdir.
== Xülasə ==
Merab (Levan Gelbakiani) partnyoru Mari (Ana Cavaxişvili) ilə birlikdə Gürcüstan Milli Rəqslər Ansamblında çalışır. İraklinin (Baçi Valişvili) ansambl heyətinə qoşulmasından sonra onlar arasında güclü rəqabət yaranır və sonradan bu rəqabət romantik sevgi hisslərinə çevrilir.