Əli Fəhmin
Əli Fəhmi (19 fevral 1919, Bakı – 13 mart 1975, Bakı) — mətnşünas.
Əli Fəhmi 1919-cu il fevralın 17-də Bakının Sabunçu qəsəbəsində anadan olmuşdur. İlk ixtisası həkimlik olan Əli Fəhmi Bakı Tibb İnstitutunda təhsil alarkən Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər xanımla tanış olub, onun vasitəsi ilə Müşfiqlə ünsiyyət bağlamışdır. Ona Fəhmi təxəllüsünü də bədahətən şeir demək bacarığına görə Müşfiq verib. "Səndə İmam Əli fəhmi var" – deyən Müşfiqlə Əli Fəhminin dostluğu şair həbs olunub güllələnə qədər davam edib. Dilbər xanımdan "Müşfiqin yubileyində kim çıxış etsə yaxşı olar" deyə soruşduqda "Əlbəttə ki, Əli Fəhmi" deyə cavab vermişdir.
Bakı Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirən Əli Fəhmi 1941-1949-cu illərdə Sabirabad rayonu hərbi komissarlığında həkim kimi çalışmışdır.
Kiçik yaşlarından ərəb və fars dillərini öyrənməsi, klassik poeziyaya olan böyük marağı onu ADU-nun (indiki BDU-nun) Azərbaycan ədəbiyyatı və tarixi fakültəsinə gətirdi. 1952-ci ildə Əli Fəhmi həmin fakültənin qiyabi şöbəsini fərqlənmə diplomu ilə bitirir və professor Feyzulla Qasımzadənin təkidi ilə müstəsna hal kimi aspiranturada saxlanılır. Burada o, Feyzulla Qasımzadənin elmi rəhbərliyi ilə "Seyid Əzim Şirvaninin həyat və yaradıcılığı" mövzusunda namizədlik işi üzərində çalışmalara başlayır.