Kübra Fərəcova
Kübra Yəhya qızı Fərəcova (16 may 1907, Quba – oktyabr 1988, Bakı) — Azərbaycan pediatrı və səhiyyə təşkilatçısı, tibb elmləri doktoru (1970), professor (1971), Azərbaycan SSR əməkdar həkimi (1960), səhiyyə əlaçısı (1964). Kübra Fərəcova 1938–1939-cu illərdə Azərbaycan SSR xalq səhiyyə komissarı, 1943–1947-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, 1947–1950-ci illərdə isə Azərbaycan SSR səhiyyə naziri olmuşdur.
== Həyatı ==
Kübra Yəhya qızı Fərəcova 1907-ci il may ayının 16-da Qubada qulluqçu ailəsində anadan olmuşdur. Ailəsi ilə birlikdə Bakıya köçmüş və ilk təhsilini burada almışdır. Dördsinifli rus-tatar (rus-Azərbaycan) məktəbini bitirdikdən sonra təhsilini H. Z. Tağıyevin qızlar gimnaziyasında davam etdirmişdir. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra Kübra Fərəcova ibtidai məktəblər üçün müəllimlər hazırlayan 3 aylıq kursu bitirərək Kürdəmirdə məktəb təşkil etmiş və burada qadınlar arasında savadsızlığın ləğvi istiqamətində fəaliyyət göstərmişdir. Kübra Fərəcova 1924-cü ildə Göyçaya köçmüş, iki il burada və Ağdaşda müəllimlik etmişdir. 1926-cı ildə Qazaxda məskunlaşaraq orada uşaq bağçasında tərbiyəçilik etmişdir.
Kübra Fərəcova 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olmuş, 1933-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Həmin illərdə o, ÜİK(b)P üzvlüyünə qəbul olunmuşdur.