Bitki hüceyrəsi
Bitki hüceyrəsi — Çiçəkli bitkilərin bütün orqanları hüceyrələrdən təşkil olunmuşdur. Hüceyrə orqanizmin ən kiçik bioloji vahididir. Bitki hüceyrələri, adətən, çox kiçikdir. Onları adi gözlə deyil, ancaq böyüdücü cihazlarla görmək olar. Hüceyrələr bitki həyatında enerji istehsal etmə, ondan istifadə, malik olduqları əlamət və xüsusiyyətləri qız hüceyrələrə ötürmək kimi həyati vacib funksiyaları həyata keçirir. Hüceyrələr qılaf, sitoplazma və nüvə kimi əsas orqanlara malikdir.
== Bitki hüceyrəsinin öyrənilməsi ==
Bitkilərin fiziologiyası və anatomiyası sahəsində ilk tədqiqatlar Van-Helmont (1577–1644) və ingilis fiziki Robert Huk (1635–1703) tərəfindən aparılmışdır. R. Huk mikroskopu təkmilləşdirdikdən sonra, bir çox kiçik əşyaları, o cümlədən, bitkilərin ayrı-ayrı hissələrini mikroskop altında müşahidə etdi. O, 1665-ci ildə ilk dəfə olaraq bitkilərin hüjeyrəvi quruluşu barəsində aldığı mikroskopik nəticələri nəşr etdirdi və "Jellula" (hüceyrə) terminini elmə daxil etdi. Bunun ardınca 1671–1682-ci illərdə italyan tədqiqatçısı Marçello Malpiqi (1628–1694) və inigilis Neemiya Qryu (1641–1712) bir-birindən asılı olmayaraq demək olar ki, eyni vaxtda bitki anatomiyasına dair aldıqları nəticələri çap etdirmişdir.